1. Tərəflər və müqavilənin predmeti
1.1. Bu müqavilə (bundan sonra «Müqavilə») bir tərəfdən Flare platformasının operatoru (bundan sonra «Platforma»), digər tərəfdən Flare mobil tətbiqində səyyar usta kimi fəaliyyət göstərən şəxs (bundan sonra «Səyyar usta») arasında bağlanır. Platformanın rekvizitləri Müqavilənin sonunda göstərilib.
1.2. Platforma Səyyar ustaya texniki yardım sifarişlərinə çıxış imkanı yaradır, Səyyar usta isə qəbul etdiyi sifarişləri müstəqil şəkildə yerinə yetirir.
1.3. Tətbiqdə qeydiyyatdan keçməklə Səyyar usta bu Müqavilənin şərtlərini tam həcmdə qəbul edir. Qəbul faktı və tarixi Platformada qeydə alınır.
1.4. Səyyar ustanın Platformadan istifadəsi əlavə olaraq İstifadə şərtləri ilə tənzimlənir.
2. Münasibətin hüquqi xarakteri
2.1. Bu Müqavilə əmək müqaviləsi deyil. Səyyar usta müstəqil fəaliyyət göstərir: iş vaxtını özü müəyyən edir, hansı sifarişə təklif göndərəcəyinə özü qərar verir və xidmətin qiymətini özü təklif edir.
2.2. Platforma Səyyar ustaya iş vaxtı təyin etmir, əmək haqqı ödəmir və onun üçün sosial sığorta öhdəliyi daşımır.
2.3. Səyyar usta Platformanın işçisi və ya nümayəndəsi sayılmır və Platformanın adından öhdəlik götürə bilməz.
3. Platformanın öhdəlikləri
3.1. Platforma aşağıdakıları təmin edir:
- Səyyar ustanın seçdiyi xidmət növləri və ərazi üzrə sifarişlərin ona çatdırılmasını;
- sifarişlərin, razılaşdırılmış qiymətlərin və qiymətləndirmələrin uçotunu;
- komissiya hesablamalarının və balans üzrə bütün əməliyyatların tətbiqdə şəffaf şəkildə göstərilməsini;
- kartla ödənilmiş sifarişlər üzrə vəsaitin qəbulunu və Səyyar ustaya ötürülməsini;
- mübahisə yarandıqda sifariş məlumatları əsasında tərəflərə dəstək göstərilməsini.
4. Səyyar ustanın öhdəlikləri
4.1. Səyyar usta aşağıdakıları öhdəsinə götürür:
- qəbul etdiyi sifarişi razılaşdırılmış qiymətlə və lazımi keyfiyyətlə yerinə yetirmək;
- fəaliyyəti üçün qanunvericiliklə tələb olunan qeydiyyata və icazələrə malik olmaq;
- fəaliyyətindən yaranan vergi və digər məcburi ödəniş öhdəliklərini müstəqil yerinə yetirmək;
- iş zamanı təhlükəsizlik qaydalarına riayət etmək;
- qəbul etdiyi sifarişdən əsassız imtina etməmək;
- sifarişçinin məlumatlarından yalnız sifarişin icrası məqsədilə istifadə etmək.
5. Qiymət və ödəniş
5.1. Səyyar usta hər sifarişə öz qiymətini təklif edir. Platforma hər xidmət növü üzrə minimum qiymət müəyyən edir; bundan başqa məcburi tarif tətbiq olunmur.
5.2. Sifarişçi təklifi təsdiqlədikdə qiymət razılaşdırılmış sayılır və dəyişdirilmir.
5.3. Nağd ödəniş. Sifarişçi xidmət haqqını birbaşa Səyyar ustaya ödəyir. Bu halda Səyyar ustanın Platforma qarşısında komissiya öhdəliyi yaranır.
5.4. Bank kartı ilə ödəniş. Sifarişçinin ödədiyi vəsait Platforma tərəfindən lisenziyalı ödəniş təşkilatı vasitəsilə qəbul edilir və sifariş tamamlandıqda Səyyar ustanın Platformadakı balansına yazılır. Səyyar usta Platformaya həmin vəsaiti onun adından və onun xeyrinə qəbul etmək səlahiyyəti verir.
5.5. Ödəniş təşkilatının haqqı. Kartla ödənişlərdə lisenziyalı ödəniş təşkilatının tutduğu emal haqqı ödənilmiş məbləğdən çıxılır və balansa qalan məbləğ yazılır. Tutulan məbləğ hər sifariş üzrə tətbiqdə ayrıca sətir kimi göstərilir. Nağd ödənişlərdə belə tutulma olmur.
6. Balans və vəsaitin çıxarılması
6.1. Balans kartla ödənilmiş sifarişlər üzrə Səyyar ustaya çatacaq vəsaiti əks etdirir. Balans üzrə bütün əməliyyatlar tətbiqdə göstərilir.
6.2. Səyyar usta balansdakı vəsaitin onun göstərdiyi bank kartına köçürülməsi üçün tətbiq vasitəsilə məxaric sorğusu göndərə bilər. Məxaric üçün minimum məbləğ tətbiqdə göstərilir.
6.3. Məxaric sorğuları 24-48 saat ərzində icra olunur. Sorğu göndərildiyi anda müvafiq məbləğ balansdan çıxılır; sorğu rədd edildikdə məbləğ səbəbi göstərilməklə balansa qaytarılır.
6.4. Ödənilməmiş komissiya borcu olduqda məxaric sorğusu qəbul edilmir.
6.5. Səyyar usta məxaric üçün təqdim etdiyi kart məlumatlarının düzgünlüyünə görə məsuliyyət daşıyır.
7. Sifarişin ləğvi
7.1. Kartla ödənilmiş sifariş Səyyar usta yola çıxdıqdan sonra sifarişçinin təşəbbüsü ilə ləğv edildikdə, razılaşdırılmış qiymətin 15%-i həcmində ləğv haqqı Səyyar ustanın balansına yazılır. Platforma ləğv haqqından komissiya tutmur.
7.2. Sifarişi Səyyar usta ləğv etdikdə ləğv haqqı ödənilmir və sifarişçiyə ödədiyi məbləğ tam həcmdə qaytarılır.
7.3. Ləğv haqqı sifarişçiyə Platformanın qərarı ilə geri qaytarıldığı hallarda müvafiq məbləğ Səyyar ustanın balansından çıxılır və bu əməliyyat səbəbi göstərilməklə balans tarixçəsində əks olunur.
8. Komissiya
8.1. Platformanın gəliri hər tamamlanmış sifarişdən tutulan komissiyadan ibarətdir. Komissiya sifarişin qiymətinə uyğun olaraq pilləli qaydada hesablanır və sifariş tamamlandıqda tətbiqdə göstərilir.
8.2. Komissiya hər tamamlanmış sifariş üzrə hesablanır, ödənilməsi isə hər üç tamamlanmış sifarişdən sonra tələb olunur.
8.3. Komissiya Səyyar ustanın seçiminə əsasən onun balansından və ya tətbiqdə qeydiyyata aldığı bank kartından tutulur. Balansdakı vəsait kifayət etmədikdə çatışmayan hissə bank kartından tutulur.
8.4. Komissiya borcu ödənilənə qədər Səyyar usta yeni sifarişlərə təklif göndərə bilmir.
8.5. Komissiya dərəcələrində dəyişiklik ən azı 30 gün əvvəl tətbiq daxilində elan olunur.
9. Platformadan kənar hesablaşmanın qadağan edilməsi
9.1. Platforma vasitəsilə əlaqə qurulmuş sifarişçi ilə razılaşaraq sifarişin tətbiqdən kənar tamamlanması və bu yolla komissiyadan yayınma qadağandır.
9.2. Belə hal aşkar edildikdə Platforma Səyyar ustanın hesabını bağlaya və yaranmış komissiya borcunun ödənilməsini tələb edə bilər.
10. Qiymətləndirmə və keyfiyyət
10.1. Hər tamamlanmış sifarişdən sonra sifarişçi Səyyar ustanı qiymətləndirir. Səyyar ustanın orta reytinqi digər istifadəçilərə göstərilir.
10.2. Reytinqin davamlı olaraq aşağı olması, təkrarlanan əsaslı şikayətlər və ya qəbul edilmiş sifarişlərdən sistematik imtina hesabın dayandırılmasına səbəb ola bilər.
11. Məsuliyyət
11.1. Göstərilən xidmətə, onun keyfiyyətinə və nəticələrinə görə məsuliyyəti Səyyar usta daşıyır.
11.2. Xidmət göstərilərkən sifarişçinin əmlakına vurulan zərərə görə məsuliyyət Səyyar ustanın üzərinə düşür.
11.3. Platforma vasitəçidir və Səyyar ustanın göstərdiyi xidmətin nəticəsinə zəmanət vermir.
12. Müqaviləyə xitam verilməsi
12.1. Səyyar usta hesabını silməklə Müqaviləyə istənilən vaxt xitam verə bilər. Bunun üçün qəbul edilmiş sifarişlər tamamlanmalı, komissiya borcu ödənilməli və icra olunmamış məxaric sorğusu olmamalıdır.
12.2. Platforma bu Müqavilənin və ya İstifadə şərtlərinin pozulması hallarında Səyyar ustanın hesabını dayandıra və ya bağlaya bilər.
13. Fərdi məlumatlar
13.1. Səyyar ustanın adı, telefon nömrəsi və reytinqi sifarişin icrası üçün zəruri həcmdə sifarişçilərə göstərilir. Yer məlumatından yalnız «onlayn» rejimdə və aktiv sifariş müddətində istifadə olunur.
13.2. Fərdi məlumatların emalı qaydası Məxfilik siyasəti ilə müəyyən olunur.
14. Yekun müddəalar
14.1. Müqaviləyə dəyişikliklər tətbiq daxilində elan olunur və bu səhifədə dərc edilir. Dəyişikliklərdən sonra Platformadan istifadənin davam etdirilməsi onların qəbulu sayılır.
14.2. Bu Müqaviləyə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunur.
14.3. Müqavilə ilə bağlı mübahisələr danışıqlar yolu ilə həll edilir. Razılıq əldə olunmadıqda mübahisələrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada baxılır.
15. Platformanın rekvizitləri
- Operator
- FlareApp
- VÖEN
- 1103319172
- E-poçt
- contact@flareaz.app
- +994 55 321 76 74
- Veb-sayt
- flareaz.app